Skip to main content

Apellyasiya məhkəməsi Azər Qasımlının şikayətini təmin etməyib

· 2 min read

img alt

Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının şikayəti üzrə məhkəmə iclası keçirilib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının Meydan TV-yə verdiyi məlumata görə, prosesdə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusibov və onun vəkili iştirak etməyib. Qasımlının vəkili Rövşanə Rəhimli buna etiraz edərək bildirib ki, zərərçəkmişə ünvanlanacaq sualları var. Dövlət ittihamçısı isə etiraz edərək qeyd edib ki, həmin suallara artıq birinci instansiya məhkəməsində cavab verilib.

Müdafiə tərəfi vəsatət qaldıraraq əlavə istintaqın aparılmasını və Qurbanəli Yusibovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın şahid qismində dindirilməsini tələb edib. Vəkil Rövşanə Rəhimli çıxışında bildirib ki, Niftəliyevanın dindirilməsi barədə məhkəmə qərarı olsa da, bu qərar icra olunmayıb. Onun sözlərinə görə, həmin şahidin ifadəsi Azər Qasımlıya qarşı irəli sürülən ittihamların əsassız olduğunu üzə çıxara bilər.

Müdafiə tərəfi həmçinin qeyd edib ki, zərərçəkmiş Yusibov Qasımlının guya onu təhdid etdiyi dövrdə keçmiş həyat yoldaşı ilə eyni ünvanda yaşaması barədə məhkəməyə həqiqətə uyğun olmayan məlumat verib.

“Qurbanəli Yusibov bildirib ki, həmin ünvanda yaşayırdı və guya Azər Qasımlı ona orada zəng edərək təhdid edib. Halbuki onlar həmin dövrdə artıq boşanmışdılar və Yusibovun həmin ünvanda yaşaması mümkün deyildi. Buna görə də Fərəhbanu Niftəliyevanın ifadəsi iş üçün mühüm əhəmiyyət kəsb edirdi,” – deyə Samirə Qasımlı bildirib.

Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Növbəti məhkəmə iclası mayın 11-nə təyin olunub.