Skip to main content

Repçi Elşad Xose 15 sutka inzibati həbs edilib

· One min read

img alt

Repçi Elşad Xose bir neçə gün əvvəl Bayırşəhərdə aparılan söküntülərlə bağlı tənqidi video paylaşıb. O, videoda Bakıda həyata keçirilən söküntülərə etirazını ifadə edib.

Bundan sonra Elşad Xose polis əməkdaşları tərəfindən yaşadığı evdən Yasamal rayonu üzrə 27-ci polis şöbəsinə aparılıb. Polis şöbəsində bildirilib ki, həmin gün repçi Nizami metrosu yaxınlığında ictimai yerdə təhqiredici ifadələr səsləndirib. İddia olunub ki, polis əməkdaşları onu qaydaya dəvət etsələr də, Elşad Xosenin davranışı dəyişməyib və nəticədə o, saxlanılaraq polis şöbəsinə aparılıb.

Şöbədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə inzibati tənbeh tətbiq edilib.

47 yaşlı repçi daha sonra məhkəməyə aparılıb və məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.

Elşad Xose Apellyasiya Məhkəməsində verdiyi ifadədə barəsində çıxarılan qərarla razı olmadığını bildirib. O qeyd edib ki, heç bir xuliqanlıq törətməyib və polis əməkdaşlarına müqavimət göstərməyib. Repçi ailəli olduğunu, ictimai xadim kimi fəaliyyət göstərdiyini və müalicə aldığını vurğulayaraq azadlığa buraxılmasını xahiş edib. Məhkəmə isə onun apellyasiya şikayətini təmin etməyib.