Deputatın oğlu Qarabağda mütəmadi olaraq tenderlər qazanır

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi daha iki tikinti tenderinin nəticələrini açıqlayıb. Məlumata görə, hər iki satınalmanın qalibi “DİLER İNŞAAT” QSC seçilib.
Tenderlər Şuşa şəhərinin D-5 yaşayış massivində çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir. Birinci layihə çərçivəsində 6 ədəd dördmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur. Bu işlər üçün şirkətə 12 milyon 984 min manat ayrılacaq.
İkinci layihə isə həmin massivdə 8 dördmərtəbəli yaşayış binasının tikintisini əhatə edir. Bu müqavilənin dəyəri 24 milyon 76 min manat təşkil edir.
Beləliklə, “DİLER İNŞAAT”ın son iki tender üzrə əldə etdiyi müqavilələrin ümumi məbləği 37 milyon manatı ötür.
Qeyd edək ki, bundan təxminən üç həftə əvvəl də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi D-3 massivində yeddi yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini “DİLER İNŞAAT” QSC-yə həvalə etmişdi. Həmin layihənin dəyəri 29 milyon 373 min manat olub.
2016-cı ildə qeydiyyata alınmış “DİLER İNŞAAT” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A göstərilir. Şirkətin nizamnamə kapitalı 2010 manatdır, qanuni təmsilçisi isə Elxan Süleymanovdur.
Açıq məlumatlara əsasən, şirkətin hazırda dövlət büdcəsinə 25 min 861 manat məbləğində vergi borcu olduğu göstərilir.
Mediada “DİLER İNŞAAT”ın deputat ailəsi ilə əlaqələri barədə məlumatlar dərc olunsa da, bu barədə rəsmi təsdiq təqdim edilməyib.