AXCP-nin daha bir üzvü həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yaydığı məlumata görə, partiyanın Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblini Masallı Rayon Polis İdarəsi saxlayıb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, Əlixan Rəcəblinə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi — satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma — ilə ittiham irəli sürülüb. Qeyd olunan maddə üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Partiyanın açıqlamasında vurğulanıb ki, Əlixan Rəcəblinin həbsi onun sosial şəbəkələrdə apardığı siyasi fəaliyyəti ilə bağlıdır.
Müxalifətdə olan AXCP-nin məlumatına görə, hazırda partiyanın təxminən 20-yə yaxın üzvü və fəalı uzunmüddətli həbsdə saxlanılır. Həmin şəxslər arasında partiya sədri Əli Kərimli də var. Partiya bildirir ki, üzvləri müxtəlif ittihamlarla, xüsusilə narkotiklərlə bağlı cinayət işləri üzrə məsuliyyətə cəlb olunsalar da, bu həbslər siyasi sifariş xarakteri daşıyır.