Hafiz Həsənova 3 il sınaq müddəti olmaqla 8 il həbs cəzası verilib

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimaiyyətdə “QHT işi” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun məhkəməsi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun məhkəmə iclasında Hafiz Həsənova hökm oxunub.
Məhkəmənin hökmü ilə Hafiz Həsənov Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Məhkəmə, eyni zamanda, Həsənov barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edib.
Bundan əvvəl keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Hafiz Həsənovun 5 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hafiz Həsənov 2025-ci ilin martında qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
2025-ci il martın 17-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.