Skip to main content

İlham Əliyev Ağdamda ailəsinə bağlı şirkətə məxsus ikinci hotelin açılışında iştirak edib

· 2 min read

img alt

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində inşa edilən “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Bu, Prezidentin ailəsinə bağlı şirkətlərin Ağdamda istifadəyə verdiyi ikinci hotel layihəsidir.

Ümumi sahəsi 2 hektardan çox olan mehmanxana 3 blokdan ibarətdir və 2, 6 və 7 mərtəbəli binalarda yerləşən 127 otaq və 287 yerə malikdir. Hotelin infrastrukturuna restoran, ictimai-iaşə zonaları, iclas və tədbir zalları, ziyafət məkanları, qapalı hovuz və idman zalı daxildir.

Qlobal “Hilton” brend ailəsinə daxil olan “Hilton Garden Inn Agdam” layihəsi “TABIA Group” tərəfindən həyata keçirilib və Ağdamda daha əvvəl istifadəyə verilmiş “Aghdam City Hotel”dən sonra bölgədə açılan ikinci hotel kimi təqdim olunur.

Əvvəlki adı “PMD Hospitality” olan “TABIA Group” 2016-cı ildə yaradılıb, 2023-cü ildə isə adını dəyişib. Şirkətin nizamnamə kapitalı 123 milyon manatdır və hotel idarəçiliyi, istirahət mərkəzləri və sağlamlıq kompleksləri sahəsində fəaliyyət göstərir. Onun portfelinə Chenot Palace Gabala, Gashaltı Health Hotel, Chinar Hotel & SPA, Garabagh Resort & SPA, Galaalti Hotel & SPA, Lankaran Springs Wellness Resort, Ramada Plaza by Wyndham Gence, Shamakhi Palace Sharadil və digər tanınmış obyektlər daxildir.

“TABIA Group” “PMD Group” şirkətinin törəmə qurumudur. “PMD Group” isə kənd təsərrüfatı, emal, tikinti, otelçilik və bank sektoru üzrə fəaliyyət göstərən və Prezidentin qızlarına məxsus “Pasha Holding”ə bağlı şirkət hesab olunur.

Məlumata görə, “Pasha Holding” öz törəmə şirkətləri – “Absheron Hotel Group”, “TABIA Group” və “PMD Group” vasitəsilə Azərbaycan, Türkiyə və Gürcüstanda 30-a yaxın lüks hotel, kurort və istirahət mərkəzinin sahibi və idarəedicisidir. Bu şirkətlərin hər üçü Bakı şəhəri, Neftçilər prospekti 153 ünvanında, “Port Baku Towers”də qeydiyyatdadır.

Beləliklə, Prezident İlham Əliyevin Ağdamda açılışını etdiyi “Hilton Garden Inn Agdam” hoteli Prezident ailəsinə bağlı “Pasha Holding” strukturuna daxil olan “TABIA Group”a məxsusdur.