Skip to main content

Qarabağda bərpa layihələri və iri podratçılar: prezidentin keçmiş kürəkəni, deputatın oğlu

· 2 min read

img alt

Construction” MMC Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə tender müsabiqəsi keçirilmədən birbaşa satınalma müqavilələri imzalayıb. Bu şirkətin imzaladığı tikinti layihəsinin ümumi müqavilə dəyəri 111,9 milyon manatı ötür. Bu yanaşma, dövlət satınalmalarında rəqabət mexanizmlərinin məhdudlaşdığına dair ciddi suallar yaradır.

Müqavilələrdən biri çərçivəsində şirkət Ağdam rayonunun Eyvazxanbəyli kəndində fərdi yaşayış evlərinin və mühəndis kommunikasiya sistemlərinin inşasını həyata keçirəcək, qarşılığında 61,7 milyon manat alacaq. Digər müqavilə isə Füzuli rayonunun Pirəhmədli kəndində yaşayış evləri və sosial obyektlərin – məktəb, uşaq bağçası, tibb məntəqəsi və əlavə infrastrukturun – tikintisini əhatə edir.

Bu layihənin dəyəri 50,2 milyon manat təşkil edir. “See Breeze Construction” MMC-nin institusional portreti də diqqət çəkir. Dövlət Vergi Xidmətinin məlumatlarına görə, şirkətin hüquqi təmsilçisi Rzayev Elbəy Azər oğludur. Onun “LinkedIn” profili bu şəxsin 2018-ci ildən Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun ailə şirkəti olan “Crocus Group”da ümumi işlər üzrə menecer vəzifəsində çalışdığını göstərir. Eyni zamanda, şirkətin rəsmi saytının domen məlumatları “Crocus” MMC ilə bağlıdır və domenin təşkilatçısının sonradan “See Breeze İnvest” MMC olaraq dəyişdirildiyi qeyd olunur. Bu faktlar şirkətin arxasında president İlham Əliyevin kürəkəni Emil Ağalarovun durduğunu təsdir edir.

Qarabağda bərpa layihələrində siyasi elitann iştirakının başqa nümunəsi isə deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus “Diler İnşaat” QSC-dir. Şirkət son bir ay ərzində Ağdam rayonunda yeni yaşayış massivlərinin tikintisi üzrə ardıcıl tender qaliblərindən olub və dövlət satınalmalarından cəmi 48 milyon manatdan çox vəsait əldə edib. Dövlət satınalmaları portalında yer alan məlumata əsasən, “Diler İnşaat” QSC bu dəfə 5 nömrəli yaşayış massivində yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işləri ilə bağlı təxminən 32 milyon manat dəyərində müqavilə qazanıb. Bir ay əvvəl qazandığı iki tenderlə birlikdə şirkətin əldə etdiyi layihələrin ümumi dəyəri 48 milyon manata yaxınlaşır. “Diler İnşaat” QSC ölkə daxilində bir sıra prestijli tikinti layihələrində də iştirak edib. Şirkət “Trump Tower”, “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi layihələrin icraçıları sırasındadır. Bu layihələr şirkətin potensialını və genişmiqyaslı müəssisələrdə təcrübəsini göstərir.

Araşdırmalar göstərir ki, şirkət ilkin olaraq “Orxan 1989” MMC adı ilə təsis edilib, daha sonra “Diler İnşaat” MMC və sonradan “Diler İnşaat” QSC kimi fəaliyyətini davam etdirib. Analitik olaraq baxdıqda, Qarabağda bərpa və yenidənqurma işlərinin icrasında bir neçə böyük podratçının dominantlığı müşahidə olunur. Bu şirkətlərin arxasında siyasi elitaya daxil olan şəxslərin olması Qarabağda dövlət satınalmalarının şəffaflığı, rəqabət mühiti və institusional hesabatlılıq məsələlərinin aktuallığını bir daha gündəmə gətirir.