AŞPA məruzəçisi Anar Məmmədlinin dərhal azad edilməsinə çağırır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Röjhan (İsveç, SOC) azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlinin dərhal azad edilməsinə çağırıb.
Məmmədlinin həbsinin ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda Röjhan onu tanınmış seçki müşahidəçisi və vətəndaş cəmiyyəti fəalı, həmçinin 2014-cü il Vatslav Havel İnsan Hüquqları Mükafatı laureatı kimi xarakterizə edib. O qeyd edib ki, hazırda Məmmədliyə qarşı irəli sürülən çoxsaylı ittihamlar geniş şəkildə onun vətəndaş fəallığına, müstəqil seçki monitorinqinə və beynəlxalq təşkilatlarla əməkdaşlığına cavab olaraq qiymətləndirilir.
Məmmədli sonuncu dəfə 29 aprel 2024-cü ildə saxlanılıb və bu, onun hüquq müdafiə fəaliyyəti ilə əlaqədar ikinci həbsi olub. O, daha əvvəl 2013-cü il prezident seçkilərindən sonra seçki monitorinqi fəaliyyəti səbəbilə həbs edilmişdi.
Röjhan xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədlinin əvvəlki təqibinin onun vətəndaş cəmiyyəti fəalı kimi fəaliyyətinə görə susdurulması və cəzalandırılması məqsədi daşıdığı qənaətinə gəlmişdi. O vurğulayıb ki, hazırkı iş oxşar xüsusiyyətlər daşıyır və Azərbaycanın beynəlxalq öhdəliklərə riayət etməsi ilə bağlı ciddi suallar doğurur.
Məruzəçinin sözlərinə görə, Məmmədlinin həbsi Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil media və hüquq müdafiəçilərinə qarşı artan təzyiqlər kontekstində də qiymətləndirilməlidir. O xəbərdarlıq edib ki, bu kimi hallarda cinayət qanunvericiliyindən istifadə hüququn aliliyini və əsas azadlıqların qorunmasını zəiflədə bilər.
Röjhan Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azad etməyə və ona qarşı irəli sürülmüş ittihamları ölkənin Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərinə uyğun şəkildə təcili olaraq yenidən nəzərdən keçirməyə çağırıb.