Skip to main content

Qarabağda məskunlaşan sakin ona verilən evin keyfiyyətindən narazıdır

· 2 min read

img alt

Qarabağ bölgəsinə köçürülən sakinlərdən biri ona təqdim edilən yaşayış evinin keyfiyyətindən narazı olduğunu bildirib.

Bir aydır ki, Cəbrayıl rayonunun Horovlu kəndində məskunlaşmış keçmiş məcburi köçkün iddia edir ki, ona verilən ev keyfiyyətsiz tikilib. Sakin tərəfindən təqdim olunan videodan görünür ki, evin bünövrəsi sementdən istifadə olunmadan inşa edilib. Onun sözlərinə görə, divardan qopan kafelin arxasında sement əvəzinə qum istifadə edildiyi görünür.

Ev sahibi həmçinin bildirir ki, evin damı su keçirir və yağış yağan zaman su həm zala, həm də yataq otağına dolur. Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsə də, ona “səbirli olmağı” tövsiyə ediblər.

Sakin evin keyfiyyətinin yoxlanılması üçün xüsusi komissiyanın göndərilməsini tələb etdiyini, lakin indiyədək müraciətlərinə reaksiya verilmədiyini deyir.

Qeyd edək ki, dövlət büdcəsindən ayrılan milyardlarla manat vəsait hesabına Qarabağ və Şərqi Zəngəzur bölgələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qayıdışı dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu proqram çərçivəsində yeni yaşayış məntəqələri salınır və sakinlər üçün fərdi yaşayış evləri inşa olunur.

Bununla belə, bəzi ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və hesabatlılıq məsələlərinin yetərli olmadığını, dövlət sifarişləri üzrə keçirilən tenderlərin isə tam açıq və rəqabətli aparılmadığını bildirirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.

Video təqdim olunur.