Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunub

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli 72 gün saxlanıldıqdan sonra Türkiyədən Azərbaycana deportasiya edilib. Deportasiya gecə saatlarında həyata keçirilib.
Hacıbəyli ötən il noyabrın 29-dan 30-na keçən gecə İstanbulda yaşadığı evdən polis tərəfindən saxlanılaraq Çatalca Geri Göndərmə Mərkəzinə yerləşdirilmişdi. Onun barəsində Türkiyə qanunvericiliyinə uyğun olaraq G-82 məhdudlaşdırma kodu tətbiq olunmuşdu. Bu kod milli təhlükəsizlik üçün təhdid hesab edilən xarici vətəndaşlara şamil edilir, onların ölkəyə girişinə qadağa qoyulmasını və deportasiya olunmasını nəzərdə tutur.
Hacıbəyli sosial şəbəkə hesabında ittihamların siyasi motivli olduğunu bildirmiş və Azərbaycana qaytarılacağı halda həbs edilə biləcəyi ilə bağlı narahatlığını ifadə etmişdi. Onun hazırkı hüquqi statusu ilə bağlı rəsmi açıqlama verilməyib.