Skip to main content

“QHT işi” üzrə həbsdə olan ictimai fəala 8 il həbs istənilib

· 2 min read

img alt

Azərbaycanda yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə həbsdə olan sosial işçi Zamin Zəki üçün prokuror 8 il həbs cəzası istəyib. Bu barədə martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

Prokuror Zəkiyə qarşı Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittihamların məhkəmədə sübuta yetirildiyini deyib.

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir və həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir. Onun vəkili Günay İsmayılova müdafiə nitqinə hazırlaşmaq üçün vaxt istədiyindən məhkəmə prosesi martın 11-dək təxirə salınıb. İş materiallarında müxtəlif təlim və hüquq müdafiəsi fəaliyyətləri üçün ayrılmış qrant vəsaitlərinin qeydiyyatdan keçirilməməsi qeyd olunur. Müdafiə tərəfi isə qrantların “cinayət yolu ilə əldə edilmiş əmlak” kimi təqdim edilməsini əsassız hesab edir və bunun ən yaxşı halda inzibati məsuliyyət yarada biləcəyini bildirir. “QHT işi” üzrə həbslər 2024-cü ilin martından başlanıb. Həmin vaxt "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay həbs olunublar. Bir ay sonra Zamin Zəki və daha iki nəfər QHT təmsilçisi - Asəf Əhmədov və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib. Vətəndaş cəmiyyətinin daha 10-a yaxın fəalı təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq və məhkəmə dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov və başqaları var. Hazırda onların da ayrı-ayrılıqda məhkəməsi davam edir. Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin indi ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.